Elmer kimdir?

Elmer kimdir?

- Bölmə: Bloq
459
0
@vib.az

Qızımla əyləncəli daha bir kitabla tanış olduq. Bu maraqlı kitab Elmer adlı qeyri-adi görünüşə malik bir fildən və onun başına gələn məzəli anlardan bəhs edir. Bu fil tanıdığımız boz fillərdən tamamilə fərqlidir. Elmer, qırmızı, narıncı, sarı, yaşıl, göy, çəhrayı, bənövşəyi, ağ və qara rənglərdə olan dama-dama bir fildir. Qızım kitabı əlinə alıb, “aaa nə gözəl fildir, kaş ki, bütün fillər belə rəngli olardı” dedi.

IMG_9152-copy

 

Öz individuallığı və orijinallığı ilə digər fillərdən seçilən Elmer əyləncəli, şən bir fildir. Yəqin ki, uşaqlarçun heyvanlar da öz fərqliliyinə görə bir neçə qrupa bölünürlər. Məsələn şirin, həvəsli olanlar, sakit, mülayim olanlar, vəhşi, qəddar olanlar, incə və ya kobud olanlar və s.  Bu kitabda isə hamımızın boz, ağır və qatı kimi tanıdığımız fil də sevimli, məzəli və şirin bir heyvan kimi göstərilir. Belə rəngarəng fili kim xoşlamaz ki?! Nağılın özündə belə Elmer digər fillərin və cəngəllikdə olan başqa heyvanların da sevimlisidir. Çünki, Elmer onları daim əyləndirir. O, heç nə etməsə də, onun dama-dama və ala-bəzək olması digər fillərin və heyvanların şənlənməsinə səbəb olur. Amma, bütün bunlara baxmayaraq, Elmer fərqli olmaqdan yorulub, digər fillər kimi boz rəngdə olmaq istəyir və kitabda da bu istəyi səbəbindən filin düşdüyü macəralar canlandırılmışdır. Nəticə etibarilə isə sonda fil öz orijinallığını daha üstün tutur və özünü olduğu kimi qəbul etməklə daha xobəxt olduğunu anlayır.

IMG_9160-copy
Biz valideynlər uşaqlarımıza daim sevgi aşılmalayıq. Onlara özünü sevməyin, özünü olduğun kimi sevib, qəbul etməyin necə önəmli olduğunu öyrətməliyik. Buna görə də bəzən valideyn uşağa belə həssas hissləri necə aşılamağın yolunu axtarır, bəzən tapır, bəzən də vəziyyət özü elə o yolu gətirib valideynin qarşısına çıxarır. Elə bu kitab da bu yolda valideynə köməkçi ola biləcək bir kitabdır. Bu kitabı oxumaqla biz uşağa, özünü olduğun kimi sevməyin, hətta bu səni başqalarından fərqləndirsə belə, bundan utanmamağın, özünlə qürur duymağın, öz halına görə şükr edib, şükürlü olmağın nə olduğunu öyrədə bilərik. Ona fərqliliyi, individuallığı izah edib, çatdıra bilərik ki, insan bu fərqliliyi ilə də xoşbəxt ola bilər. Kitabın mətni az olmasına baxmayaraq, əsas fikri çatdırmaq üçün kifayət qədər yetərlidir.

Kitab sanki karandaşla boyanmış kimi olan şəkillərlə zəngindir. Belə illüstrasiyalar uşaqlarçun maraqlı və əyləncəli olur. Elmerin özü də indi bizim yeni bir rəsm və boyama modelimizdir. Mən qızımçün sadə qələmlə Elmeri çəkdim, o isə həvəslə rənglədi.

IMG_9158-copy

Elmerdəki rənglərə baxaraq fantaziyamızı işə salıb müxtəlif cür diqqət oyunları da reallaşdıra bilərik. Məsələn, biz Günəşlə Elmerin və göy qurşağının rənglərini müqaisə etdik və mən ondan, “səncə Elmerdə hansı rənglər var ki, o göy qurşağında yoxdur?”, deyə soruşanda qızım o dəqiqə “ağ və qara” dedi, çəhrayı rəng isə diqqətindən yayınmış oldu.

Bu kitabla vaxt keçirməklə uşaq öz rəng, say, forma anlayışlarını da bir daha yeniləmək şansı əldə edir. Biz rəngləri azərbaycan dilindən əlavə, rus və ingilis dillərində də sadalayaraq öz dil biliklərimizi də bir yerdə təkrarlamış olduq. Damaları, filləri saydıq. Kitabda boz fillərin hər biri fərqli forma və ölçülərdə göstərildiyindən təbii ki, onlar da bizim müzakirə obyektimiz oldular. Günəş Elmeri tanıdıqdan sonra kitabda bəyənmədiyi yeganə şeylər də məhz elə bu boz fillər oldu. Qızım onların da rəngli olmasını istəyir. Amma, ümumilikdə isə Günəş bu kitabla da tanışlığına çox şad oldu.

3 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulan bu əlvan kitabın müəllifi Devid Makkidir. Bu kitab da bir öncəki kimi bərk üz qabığına malikdir, gözəl illüstrasiyalarla olan vərəqləri də qalın və parlaq kağızlardandır. Kitab  TEAS Press Nəşriyyat evi tərəfindən ingilis dilindən tərcümə edilərək  3 alma əmtəə nişanı ilə nəşr olunmuşdur.

 

Rəyçilər: Günəş və Şəbnəm Həsənəlizadə

 

Facebook Comments

Şərh əlavə et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir