Bax gör mən nə yeyirəm!

Bax gör mən nə yeyirəm!

- Bölmə: Bloq
584
0
@vib.az

Bu dəfə qızlarımın hər ikisi ilə yeni kitabla tanış olduq və hətta, yalnız tanış olmaqla kifayətlənməyib, hələ onu “ku-ku” deyə də adlandırdıq. Amma burda söhbət quşdan yox, sürpriz səhifələri ilə uşağı həm əyləndirib, həm də maarifləndirən maraqlı bir kitabdan gedir. “Bax gör mən nə yeyirəm” adlı bu kitab 1 yaşdan yuxarı olan uşaqlar üçün nəzərdə tutulduğundan bu dəfə sıramıza 1 yaş 2 aylıq olan balaca qızımız Humay da qatıldı. Sözsüz ki, körpələr üçün kitabların janrı, formatı, mətni daha az maraqlı olur. Onları daha çox kitabdakı şəkillər cəlb etdiyindən, Humayın kitaba olan münasibəti bizim üçün çox maraqlı idi.

IMG_9400-copy
Bu kitab oyuncaq kitablar sırasına daxildir. Kitabın içində iki hissəyə bölünmüş səhifələr var və biz o səhifələri araladıqda qarşımıza sözü gedən hər hansısa canlının nə ilə qidalandığını göstərən daha bir səhifə çıxır. Təbii ki, kitabın mətn azdır, amma qızım heç mətni oxuyub bitirməyimə imkan vermədən səhifəni çevirirdi. Onun üçün ordakı canlının özü, onun nə yediyi və şəkildə göstərilən hansısa digər əşyanın adı bəs edirdi. Məsələn, bu meymundur, o banan yeyir; bu buluddur və s. kimi sözlərin qısaca izahı yeterli idi. Qızım üçün maraqlı olan elə ordakı şəkillərin özü idi, bir də təbii ki həmin o gizli səhifələr. Zənnimcə yer üzündə elə bir uşaq olmaz ki, onlarla oynadığımız “ku-ku”, “Ciç-çi”, “Pee-ka-Boo” oyununu sevməsin. Bu kitab da bir növ həmin oyunu xatırladır. Kitabdakı iki hissəyə bölünmüş səhifəni açıb, “ku-ku” deyərək altında gizlənən heyvanı göstərdikdə qızım çox sevinirdi.

IMG_9404-copy
Uşaqlar ətraf aləmə maraq göstərməyə başladıqları andan etibarən valideynlər çalışırlar ki, onlara hər şeyi doğru-düzgün öyrətsinlər, tanıtsınlar və bu yolda valideynlərin nəzərində kitab əsl bilik və tərbiyə xəzinəsi sayılır. Amma, gərək unutmayaq ki, körpələr üçün kitab təkcə bilik yox, eyni zamanda bol emosiya mənbəyi olan bir oyuncaqdır.
Qızımın əylənməsini, sevinməsini, onun kitaba baxarkən maraq dolu baxışlarını izləmək böyük xoşbəxtlikdir. Bütün bunlarla bərabər qızımın lüğətinin yeni-yeni sözlərlə zənginləşməsi, dilinin inkişafının bir az da önə getməsi, rəngləri öyrənməsi,  canlıları tanıması, kimin nəyi və necə yediyi haqqında anlayışının artması çox əhəmiyyətlidir. Bir tərəfdən də Günəşin balaca bacısıyla birlikdə bu kitaba baxıb, ona gördüklərini öz tərzində izah etməsi də ayrıca maraqlıdır. Ailənin böyük uşaqlarının daha kiçik olanlara kitab oxumaları və ya kitabdakıları izah etmələri uşaqlar arasında mehriban ünsiyyətin və sevginin yaranmasına zəmindir.

“Bax gör mən nə yeyirəm” adlı bu kitabla kimin nə ilə, necə qidalandığından əlavə biz valideynlər uşağa kitabda göstərilən canlıların bədənin müxtəlif hisslərinin də adların çəkə bilərik. Məsələn, bax bu quşun dimdiyidir, bu qurbağanın dilidir və s.

IMG_9403-copy
Bundan əlavə, kitabın mövzusu qidalanma ilə əlaqədar olduğundan biz əlimizi qarnımıza sürtərək müxtəlif mimikalarla aclıq, toxluq hissindən də söz aça bilərik. Onu da qeyd edim ki, kitabda heyvanlardan, quşlardan başqa sonda bir uşaq da var, hansı ki, masa arxasında oturub yeməyə hazırlaşır. Bununla da biz uşağa süfrə ədəbindən, yemək yemək qaydasından da danışa bilərik.  Məsələn, yeməkdən öncə və sonra əlləri və ağızı yumaq, sağ əl ilə yemək, mayeni və qidanı dik oturaraq qəbul etmək, qidanı yaxşıca çevnəmək, suyu qurtum qurtum içmək, yeməkdən öncə “bismilləh” sonra isə “əlhəmdulilləh” demək və s. Bir sözlə, biz valideynlər belə maraqlı kitablarla öz fantaziyamızı işə salıb uşaqlarla vaxt keçirərərək onlara faydalı olacaq çox şeylər öyrədə bilərik.
Şəxsən mən kitabdan müsbət enerji aldım. Konkret şəkillər, gülümsəyən məzəli heyvanlar, gur rənglər, bütün bunlar uşaqlar üçün olduqca vacib, dolğun və faydalıdır.

Balacalar istəmədən cırmasın deyə, kitabın körpələr üçün xarakterik olan qalın səhifələri var və aydın məsələdir ki, körpələrə sürpriz səhifələri açmaq üçün valideynin yardımı mütləqdir amma təzəcə 4 yaşını tamamlayan Günəş nədənsə o səhifələri açmaqda bir az çətinlik çəkib, məndən kömək istəyirdi. Yəqin ki, kitaba bir xətər yetirə biləcəyindən qorxurdu. Hər halda bu gizlin səhifələrin açılması müəyyən qədər narahatdır və böyüklərin müşahidəsi mütləqdir.
Kitabın müəllifi Liesbet Slegersdir. Çox da böyük olmayıb, kvadrat formasında olan bu kitab 2015-ci ildə TEAS Press Nəşriyyat evi tərəfindən Niderland dilindən tərcümə edilərək “3 alma” əmtəə nişanı ilə nəşr olunmuşdur.

Rəyçilər: Humay, Günəş və Şəbnəm Həsənəlizadə

 

 

Facebook Comments

Şərh əlavə et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir