Balaca qırmızı toyuqdan nəyləri öyrənə bilərik?

Balaca qırmızı toyuqdan nəyləri öyrənə bilərik?

- Bölmə: Bloq
478
0
@vib.az

IMG_9592-copy

Bu dəfə kitab turumuza çoxlarınızın tanıdığı bir nağılla davam edirik. “Balaca qırmızı toyuq” adlı bu nağıl zamanla eldən-elə, dildən-dilə ötürülərək  müxtəlif variantlarda çap olunmuş və hətta cizgi filmi də çəkilmişdir. Amma istər adının, istərsə də qəhrəmanlarının dəyişikliklərinə, mətnin ixtisar və əlavələrinə baxmayaraq nağıl uşaqlara çatdırmaq istədiyi əsas fikrini özündə qoruyub saxlaya bilmişdir.

Nağılın baş qəhrəmanı işguzar bir toyuqdur. Ola bilsin ki, toyuq özü də nağılın müxtəlif variantlarında müxtəlif formada göstərilsin. Məsələn, Günəş də bu nağılla tanış olandan sonra dedi ki, “aaaa ana bu “çil toyuq və siçan balaları” nağılına oxşayır ki!  Amma istər çil olsun, istər qırmızı toyuq, burda əsas məsələ o toyuğun uşaqlara zəhməti, əməyi, əzmi aşılamasıdır. Uşaq gözəl, maraqlı şəkillər olan səhifələri vərəqləyib baxdıqca öyrənə biləcəylərinin heç fərqində belə olmur. Onun maraq dolu gözləri həmin şəkillərdə süzülüb getdikcə onu kənardan izləyən valideyn başa düşür ki, uşaq artıq daha bir gün də nəyisə öyrənmiş oldu. Hamımız bilirik ki, bizi ucaldan, bizi aliləşdirən ən böyük amillərdən biri əməkdir. İnsanın cəmiyyətdə istədiyi yeri tutmasının ən böyük səbəbi onun çəkdiyi zəhmətdir. Bu balaca nağıl da özündə həmin bu zəhməti əks etdirərək sonda zəhmətinin bəhrəsini də göstərərək uşaqlara uğur hissini də aşılmış olur. Eyni zamanda da uşaqlara zəhmət çəkməsən itirə biləcəklərini də ustalıqla izah edir.

IMG_9575-copy

Diqqətlə fikir versək görərik ki, hər bir uşağın içində bir bənna, bir bağban, bir həkim, bir hərbiçi, bir alim, bir aşpaz yatır. Bu siyahını çox uzatmaq olar. Uşaqlarımızın xəyal aləmində gizlənən bu bacarıqları üzə çıxarmaq, dəstəkləmək və inkişaf etdirmək valideynlərin məsuliyyəti və vəzifəsidir. Bunun üçün isə onlarla sadəcə doğru-düzgün vaxt keçirmək kifayətdir. Demirəm ki, bu kitabı oxuduqdan sonra mütləq əlimizə bel alıb, gedib bostanda torpaq belləyək, bu sözsüz ki, uşaqlarçun əvəzolunmaz bir əyləncə eyni zamanda da faydalı bir məşğuliyyət olardı, amma təəssüf ki, şəhər yerində belə məşğuliyyətlər heç də asan başa gəlmir. Amma ən azından belə kitablar oxuyaraq uşaqların dünyagörüşünü bir az da irəli çəkib, onların içindəki həmin o kəsləri üzə çıxarsaq ardı sap yumağı tək özü açılıb gələcəkdir. Məsələn, biz belə nağıllarla uşaqlarımızla əmək, iş, qazanc, təmbəllik, köməklik kimi anlayışlardan uzun-uzadı o qədər danışa bilərik.

Həmçinin bu nağıl vasitəsilə uşaq bostanın, dəyirmanın nə olduğunu daha yaxşı öyrənə bilər. Buğdanın yetişdirilməsi, unun necə yaranması, xəmirin necə hazırlanması və s bu kimi izahlarla uşaqla maraqlı anlar keçirə bilərik. Uşaq mətbəx işlərinə, hətta xəmir hazırlamaq prossesinə cəlb edə bilərik. Uşağın özü də bap-balaca əlləri ilə  yoğurduğu xəmirdən hazırlayıb, bişirdiyi kökələri görəndə, dadanda bundan necə də qürur duyar, zövq alar, elə deyilmi?! Şəxsən Günəş belə işləri çox sevir. Uşaq bununla köməyin, əməyin necə vacib və əməyinin bəhrəsinin necə də ləzzətli olduğunu anlayır. Bundan əlavə, uşağın barmaqlarının unla, xəmirlə məşğuliyyəti ümumiyyətlə uşağın inkişafında rolu əvəzsizdir. Çünki, əlin kiçik motorikasının inkişafı, sensor inkişaf uşağın təfəkkür, təxəyyül, yaddaş, toxunma hissi, nitqi üçün çox önəmlidir.

IMG_9583-copy

Bu kitabla balacalar əməklə yanaşı təmbəlliyin də nə olduğunu, onun zərərini, faydasızlığını da öyrənə bilər. Təmbəllik edərək boşuna sərf etdiyi dəyərli vaxtı, məhrum olduğun nemətləri də uşağa başa salaraq itirə biləcəkləri barədə də söhbətlər etmək olar. Halbuki, itirməkdənsə nələri qazanmaq olardı. Mən qızıma “işləməyən dişləməz” deyə bir atalar sözü dedim və bundan sonra da onunla atalar sözləri haqqında da söhbətlərimiz oldu.

Biz uşaqlara hələ az yaşlarından köməyin nə olduğunu öyrətməliyik. Bu nağıl da bu işdə bizim üçün çox yerinə düşür. Uşağa başa sala bilərik ki, yanındakılara, köməyə ehtiyac duyanlara daim köməklik etmək lazımdır. Nağıldakı təmbəl qəhrəmanlar əgər toyuğa kömək etmiş olsaydılar qarşılığında  dadlı kökələrlə hədiyyələnmiş olacaqdılar və biz də bilirik ki, hər bir yaxşı əməlin mütləq bir qarşılığı olur. Amma, buna baxmayaraq, köməklik göstərdiyimizdə bunu qarşılıq gözləmədən etməli olduğumuzu da uşaqlara uyğun bir dillə izah etsək lap yaxşı olar.
Kitabdakı şirin, qırmızı toyuq Günəşin incələməsinə və rəyinə əsasən heç də balaca deyil. Deyir ki “ana, bu qırmızı toyuq heç balaca deyil axı!”. Bu balaca olmayan qırmızı toyuğun iş prossesi zamanı əynində olanlar da təbii ki diqqətimizdən qaçmadı. Məsələn mətbəxdə yemək bişirərkən və ya xəmir hazırlayarkən toyuğun başında aşpaz papağı, əynində önlüyün olması da uşaqlara faydalı bir işarədir.

IMG_9588-copy

Müəllifi Kristiana Counz, illüstratoru isə Nataliya Maqnuson olan bu kitab yenicə oxumağa başlayanlar üçün nəzərdə tutulmuşdur. Kitabın mətni çox deyil və aydın oxuna biləcək şriftlə çap edilmişdir. Bu kitab da bərk üz qabığına malikdir. Klassik hekayələr seriyasına daxil edilən və qədim rus xalq nağılı əsasında nəql olunan “Balaca qırmızı toyuq” adlı bu nağıl 2014-cü ildə TEAS Press Nəşriyyat evi tərəfindən orijinal versiyadan tərcümə edilərək “3 alma”  əmtəə nişanı ilə çap olunmuşdur.

Rəyçi: Günəş və Şəbnəm Həsənəlizadə

 

Facebook Comments

Şərh əlavə et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir