Arılar olmasaydı

Arılar olmasaydı

- Bölmə: Bloq
479
0
@vib.az

Günəşin ətrafa nur saçdığı daha gözəl bir gündə çiçəklərlə dolu bir sahədə vızıltı səsləri eşidilir. Təbii ki ağıla ilk gələn məhz arılar olur. Sarı-qara zolaqları ilə uşaqların diqqətini cəlb edən və eyni zamanda da iynələri ilə onları qorxudan arılar. Bəli, bəli tanış olduğumuz növbəti kitab arılara həsr olunub və bu kitab “Arılar olmasaydı” adlanır. Adından da göründüyü kimi bu kitab bizə arıların əhəmiyyətindən bəhs edir. Geniş həcmli olan kitabın səhifələri çox gözəl, aydın və maraqlı şəkillərlə boldur. Mətn də çox deyil, amma buna baxmayaraq çöl sahələrinin ekosistemindən bəhs edən bu kitabda arıların canlı aləmə nələri qazandırdığı və onların olmadığı təqdirdə nələri itirə biləcəklərimizi uşaqlara ustalıqla çatdıran çox faydalı bir kitabdır.

IMG_9596

Uşaqların çoxu balı sevir və onlara balın necə yarandığını öyrənmək də maraqlı olar. Özü də söhbət balaca bir vız-vız arıdan gedərsə bu uşaqlar üçün eyni zamanda da əyləncəli olar. Biz bu kitabı qızımla birlikdə oxumaqla bu bap-balaca arıların necə böyük və faydalı işlərlə məşğul olub təbiət, canlı aləm, insanlar üçün necə xeyirli olduqlarını öyrənmiş olduq. Kitabı vərəqlədikcə arıların əmək prosesi, önəmi və eyni zamanda da onların hansı təhlükələrlə üzləşdiklərindən də xəbərdar olub, onları bu təhlükələrdən necə uzaqlaşdıra biləcəyimiz haqqında da məlumatlandıq.
Bu kitabla qızım tozcuq, tozlanma, nektar və s. təbiətə aid olan yeni-yeni sözlərlə tanış oldu. Kitabın son səhifələrinin birində izahlı lüğət də var ki, bu da öz növbəsində uşaqların tanış olduğu yeni sözlərin nə məna verdiklərini öyrənmələrinə kömək olur.

IMG_9597

Günəş arıların ayaqlarının xırda tüklü olmasını, tozcuqların onların həmin bu tüklü ayaqlarına yapışıb digər çiçəklərə qonduqları zaman onların tökülməsini və bunun əhəmiyyətini öyrəndi. O bildi ki, əgər arılar olmasaydı, bir çox meyvə ağacları da bar gətirməkdə çətinlik çəkərdi, çiyələk tarlaları məhsul verməzdi. Hətta, tərəvəz məhsulları da da azalmış olardı və biz insanlar da bol vitaminli xeyrli nemətlərdən məhrum olardıq.

Qızımla arıların öz əməkləri müqabilində  meyvə-tərəvəzdən əlavə onların hazırladığı dadlı və şirin baldan, onun faydalarından da danışdıq. Onun insan orqanizminə necə xeyrli olmasından söhbət açdıq. Kitabda yer verilən qeydlərdən biri də balı sevən və ona ehtiyac duyan heyvanlara həsr olunub. Uşaqlar bilirlər ki, nəinki insanlar, həm də bəzi heyvanlar da balı çox xoşlayırlar. Məsələn, qonur ayılar. Onların rasionlarında da bal və arıların tozlandırması nəticəsində yetişən bəzi meyvə, giləmeyvələr də üstünlük təşkil edir. Beləliklə, bu kitabı tanımaqla uşaq  balın insan həyatında faydalı rolundan əlavə, heyvanlar üçün də mühüm qida mənbəyi olduğunu və balın olmadığı təqdirdə adı keçən heyvanların da aclıqla üzləşmə təhlükəsi yarandığını öyrənir.

IMG_9598 2

Kitabda əsas mövzu arıların əhəmiyyətindən olsa da, burda çöl sahələrinə də xüsusi yer verilmişdir. Kitab uşaqlara təhlükədə olan çöl heyvanlarını da tanıdır. Çöl sahələrindəki ekosistem haqqında olan bu kitab uşaqlara çölləri qorumaq üçün də dəyərli məsləhətlər verir.

Kitabdakı illüstrasiyalar çox xoşumuza gəldi, onlara xüsusi alqış düşür. O şəkillərin özü elə uşaq üçün ayrıca bir dərsdir. Səhifələrdə bəzi şəkilləri arıların olmadığı təqdirdə canlı aləmin nələrdən məhrum ola biləcəkləri də çox izahlı şəkildə əks olunub ki, bu da kitaba və dolayısıyla mövzuya diqqəti daha da arıtırmış olur. Kitabda qida zəncirləri və bu zəncirlərin yaratdığı qida şəbəkəsi də gözəl şəkillərlə əks olunub. Uşaq bununla da həm bu zəncir və şəbəkə anlayışını öyrənmiş olur.

Arıların təbiətdəki əhəmiyyətli rolundan bəhs edən bu maraqlı kitabın müəllifi Syuzan Sleyd, illüstrasiyaların müəllifi isə Karol Şvartsdır. 28 səhifədən ibarət olub, ibtidai sinif uşaqları üçün nəzərdə tutulan “Arılar olmasaydı” kitabı da bərk üz qabığına malikdir. Kitab “Capstone Global library” nəşriyyatının orijinalları əsasında 2015-ci ildə TEAS Press Nəşriyyat evində  ingilis dilindən tərcümə edilərək “3 alma” əmtəə nişanı ilə çapa verilmişdir.

Rəyçi: Günəş və Şəbnəm Həsənəlizadə

 

Facebook Comments

Şərh əlavə et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir