Şərtsiz sevgi

Şərtsiz sevgi

- Bölmə: Ata - Ana, Faydalı məlumat
829
0
@vib.az

Bildiyimiz kimi böyük ağacların möhkəm və  dərin kökləri olur. Köklər nə qədər dərin və möhkəmdirsə, ağac da bir o qədər qüvvətli olar və heç bir təbii fəlakətlər ona xələl yetirə bilməz. Üstəlik bu cür ağaclar gözəl bar verər, öz gözəlliyi və möhtəşəmliyi ilə göz oxşayar. Valideyn – uşaq münasibətləri eyni ilə bu cür  kök atıb möhkəmlənir. Ağacın nümunəsində olduğu kimi əgər münasibətlər əvvəldən düzgün qurularsa, demək bağlılıq daha dərin, daha sıx və isti münasibətlərin yaranmasına səbəb olacaqdır. Bu bağlar valideyn uşaq arasında etibarlı əlaqələr yaradaraq, gələcəkdə uşağın qarşısına çıxan çətinlikləri daha rahat aradan qaldırmağa kömək edəcəkdir.  Əsası isə odur ki, bu bağlılıq uşağın daxili potensialının üzə çıxmasına, şəxsiyyət kimi formalaşmasına yardım edəcəkdir. Bəs bu köklər “necə salınır, necə möhkəmlənir?” sualı yaranır. Gəlin qısa olaraq Q. Nyufeldin təqdim etdiyi bağlılığın altı ardıcıl  mərhələlərinə nəzər salaq.

Uşaq doğulduğu zaman çox aciz və ona qayğı göstərən birisinə ehtiyac duyur. Əgər məməlilərin balalarına diqqət yetirsəniz, onlar doğulan kimi bir neçə saat sonra ayaq üstə durub, yeriməyi bacarırlar və bu eyni zamanda onlara özlərinə yem tapmaq üçündə bir imkan yaradır. Amma insan övladı çox zəif doğulur. Onun fiziki tələbatlarını ödəyən, qayğısına qalan, ona sevgi bəsləyən birisinə ehtiyacı var. Bu səbəbdən valideyn, xüsusilə ilk günlərdən uşağın qayğısına qalan ana, öz sevgisini ilk olaraq, körpəyə onun fiziki ehtiyaclarını ödəməklə göstərir. Anaların çoxu bunun  körpə üçün kifayət olduğunu düşünürlər və yalnız uşağı yedizdirib, içizdirib, yatızdırmaqla kifayətlənirlər. Çoxu bu yaşda uşağın bir şey anlamayacağını, böyüyəndə unudacağını, bir şey hiss etmədiyini düşünür. Bu yanlış bir fikirdir. Məhz bu dövrdən etibarən uşağın sağlam psixikasının bünövrəsi qurulur. Məhz bu əhəmiyyətli dövrdən etibarən ana – uşaq münasibətlərinin əsasları qoyularaq, gələcək münasibətlər üçün zəmin yaradır. Beləliklə, ilkin mərhələ, ilkin münasibətlərin təməli hisslərlə başlayır. Körpə və ana arasında bağlılıq ananın öz balasını nə qədər yaxşı hiss etməsi, onun tələbatlarına, onun həyəcan siqnallarına sevgi və qayğı ilə cavab verməsidir. Bu səbəbdən bu dövrdə ananın iyi, istiliyi, səsi böyük əhəmiyyət kəsb edir. Uşaq hələ də yaxşı görmür, öz ehtiyacını dilə gətirə bilmir, amma iy bilmə hissi o qədər yüksəkdir ki, öz anasını digər  adamlardan asanlıqla ayıra bilir. Bu mərhələdə analar körpələrinə qarşı çox diqqətli olmalıdır. Uşaqlar həssas və ananın halının dəyişkənliyini rahat hiss edirlər.

Bir ana körpə qızının onun saçlarını sığallayaraq yuxuya getməsini mənimlə bölüşmüşdü. Uşaqların valideyni gözdən itirdiyi zaman necə həyacan keçirtdiyi hamıya bəllidir. Bəs ananın avazı ilə laylanın oxunması. Bu və digər misallar ilkin mərhələdə hisslərin münasibətlərin qurulmasında nə qədər vacib olduğunu göstərir.

Növbəti mərhələdə uşaq özünü ana-ataya, onun qayğısına qalan adamlara (nənə, baba, xala və s.) oxşatmağa çalışır. Bu təqlidetmə mərhələsidir. Bütün bunlar uşaqların valideyn sevgisini qazanmaq üçün olan səyləridir. Onlar gülüşüylə, valideynlərə təqlid etməklə ( oturuşda, yemək yemə tərzində və s.) ana-ata qəlbini fəth etməyə çalışırlar. Əslində bu səylər o qədərdir ki, sadəcə biz onlara həmişə diqqət və ya əhəmiyyə vermirik və bu dövr sürətlə ötüb keçir. Uşaqlar özlərini bizə oxşatmaq istəkləri ilə bir azda bizə yaxın olub, sevgimizi qazanmaq istəyir, sanki “ Bax, mən sənin kimiyəm. Sənin kimi oturmuşam. Sən kimi yeyirəm. Hətta sənin ayaqqabını geyinib, sənə oxşamaq istəyirəm” deyirlər. Yəqinki oğlan uşaqlarının ananın ayaqqabısını geyinib gəzməyini, ananın kosmetikasını istifadə etməsinin, nənənin eynəklərini geydiyini və ya atanın alətlərini götürüb sanki nəsə təmir etdiyini müşahidə etmisiniz. Bizə istiqamətlənən bu addımlar dəyərləndirilməli, qınanmalı deyil. Valideyn uşağın davranışında bu səyləri görüb, onunla öz sevgisini paylaşıb, yeni inkişaf mərhələsinə keçidi asanlaşdırmalıdır.

Maraqlısı budur ki, uşağın ailədə kimə daha çox bağlı olduğunu öyrənmək istəsək ( bu yaş dövrü adətən 1 yaşdan sonra özünü göstərir), onun daha çox kimə təqlid etdiyini, kimə daha çox bənzəmək istədiyini davranış və hərəkətlərindən müşahidə edə bilərik.

İnkişaf edərək uşaqlar ( 2 yaşından etibarən) bağlılığı kiməsə aid olmaqda, sədaqətli olmaqda görürlər.  Bu yaşdan etibarən uşaqlar öz sevdiklərinə qarşı (insan və ya əşyalar) sahibkar kimi davranırlar. Onlar ananı heç kəs ilə (balaca bacı və ya qardaş) bölüşmək istəmir, öz əşyalarına (xüsusən oyuncaqlara) qarşı qısqanc olurlar. Onların sevdikləri ifadələr: “Mənim gözəl balam”, “Mənim oğlum” və s. olur. Ana-ataya aid olmaq istəyi onlara qarşı sədaqətdə özünü göstərir. Yadımdadır, mən qızımı danlayanda, atası onu sakitləşdirmək üçün çağırardı yanına, amma o yenə də mənim yanıma qaçıb, rahatlıq axtarırdı. Uşaqlarda bu cür dəyişilikləri valideynlər bir az qorxu və həyacanla qarşılayır. Adətən mənə müraciət olunan suallar arasında “Uşaq heç kəslə paylaşmır, qorxuram xəsis böyüyər”, “ Uşaq mənim ətəyimdən əl çəkmir”, “Uşaq qardaşını (bacısını) vurur” kimi ifadələrə rast gəlmək olur. Valideynlər uşaqlarda baş verən dəyişiklikləri müsbət yöndən qiymətləndirsə, uşaqların şəxsiyyət kimi inkişaf etdiyini, onlara çətin olsa da münasibət qurmağı öyrəndiklərini izləyə bilərlər. Bu mərhələdə uşaq sevdiyi kəslərə və əşyalara önəm verir, onları digərilərindən seçirlər və bu bağlılığın daha möhkəm olması üçün çox vacib və əhəmiyyətli bacarıqdır. Burda valideynlər unutmamalıdır ki, uşaq hələ də yetişməyib, o inkişaf mərhələsindədir. Ona qarşı yanlış münasibət, onda olan bu sədaqət hissini qıra bilər. O qardaş və ya bacısına qısqanclıq hissini nümayiş etdirdikdə, əslində “Ana, sən mənimsən axı” deyir. Çünki onlar hələ qardaş – bacıya bağlanmayıblar. Bu halda bizim onlardan bacı-qardaşına həmişə sevgi və qayğı ilə davranmasını tələb etməyimiz düzgün deyil. Amma biz bağlılıq obyektiyik və bunu başa düşüb onlara anlayış göstərsək, daha asanlıqla uşaqlar arasında körpülər yarada bilərik.

Hər inkişaf mərhələsi ilə uşaq böyüyür və əgər onun inkişafında ciddi maneyələr baş vermirsə, valideynlər ilə münasibətlər mehriban, sevgi dolu, uşağa anlayış göstərilən bir mühitdə baş verir, uşaq qarşıda gələn və valideynləri çox narahat edən “3 yaşın böhranı” dönəmini rahatlıqla atladır. Uşaq böyüyür və hər bir inkişaf prosesinin tələb etdiyi müəyyən dəyişiliklər bizim balalarımızdanda yan keçmir. Onlar “yox” sözünü öyrənir və əgər bu vaxta kimi çox şeylərdə bizimlə razılaşıb “sözə baxırdılarsa”, birdən valideyn uşaqda qarşıdurma ilə rastlaşır. Təbii ki, bu hala hazır olmayan valideyn, bu dəyişikliyi özünə qarşı hörmətsizlik hesab edərək, uşağın aqresivləşməsi, heç kəsi saymadığını və digər şikayətlərlə psixoloqlara müraciət edirlər. Bu mərhələdə uşaq valideynə “Mən böyüyürəm. Mənimdə öz fikrim, seçimim var” deyir. Heç bir uşaq qəsdən ana və atanı incitmək fikri yoxdu. Bu fitrətdən gələn bir inkişaf sıçrayışlarıdır. Uşaq “yox” deməyi öyrənməlidir. Uşağa özgələrə “yox” demək, doğmalara “bəli” demək hələdə çox çətindir. Bunun üçün kifayət qədər  düşüncə, mütaliyə etmək bacarığı lazımdır. O da ki bu yaşda uşaqlar üçün hələ tezdi, bu proseslər 7 yaşında, həssas uşaqlarda hətta 8-9 yaşında belə ola bilər. Əgər valideynlər bu mərhələdə uşağa anlayışla davransa və onu qırmadan (“get otağinda ağla, sonra gələrsən”, “mənə yaxınlaşma, mən səndən küsmüşəm”, “mənim sənin adında oğlum yoxdu” və s. demədən) bu mərhələdən rahat keçməsinə kömək etsələr, növbəti inkişaf mərhələsində uşaq valideynə öz ürəyini verməyə hazır olacaq. Sanki valideyn öz münasibəti ilə uşağın inamını doğruldur, onun qəlbini fəth edir. Uşaqlarda bu yaşda düşüncə ilə bərabər nitqdə inkişaf edir. Onlar öz sevgisini artıq dillə rahat etiraf edirlər.

2-3 yaş arası uşaqlar bağlılıq münasibətlərini əhəmiyyətli olmaq vasitəsi ilə qururlar. Uşaqlar öz valideynləri, yaxın bildikləri kəslər üçün əhəmiyyətli olmağa, onların gözündə xüsusi yer tutmağa çalışırlar. Uşaqlarda bu hissi yaradan, özünə əminliyi formalaşdıran kəslər təbii ki, valideynlərdi. Əgər valideyn uşağın ən adi səylərini görüb, dəyərləndirirsə, bu uşaq üçün çox böyük əhəmiyyət kəsb edəcək. Hər birimizin eşitdiyi sözlər “Ana, bax mən necə bacarıram!”, “Ata, bax bunu mən elədim” deyilmi? Bu sözlərlə uşaqlar diqqətimizi onlara çəkmək üçün, onların bizim nəzərimizdə olduğunu bilmək üçün edirlər. Bu səylərlə uşaqlar valideynlərin razılığını qazanmağa cəhd edir. Əslində uşaqlar bizim sevgimizi qazanmaq üçün doğulmayıblar. Allah onları bir fitrət üzərində yaratmışdır və bizim vəzifəmiz onların bu fitrətinin (daxili potensialının) üzə çıxardılmasıdır. Adətən valideynlər yaxşı davranışa görə uşağı sevib, pis davranışa görə isə davamlı danlayırlar, hətta döyürlər. Uşaqlar bu münasibəti hiss edirlər. Əgər mən yaxşıyam, məni qəbul edirlər, əgər özümü pis aparıramsa, məni sevmirlər, məni rədd edirlər. Nəticədə, hər bir uşaq ailədə, sonra cəmiyyətdə qəbul olunması üçün müxtəlif yollar axtarır. Uşaq beləliklə şəxsiyyətini itirir, qazanmır. Çünki,onu olduğu kimi qəbul etmirlər. Məsələn, əgər uşaq yaradıcıdır, amma ana-ata onun həkim olmaq arzusundadırsa, belə uşağın hər yaradıcı addımlarının qarşısı alınacaq, valideynlər uşaqda günahkarlıq hissi yaradaraq (“biz səni oxuduruq”, “atan o qədər əziyyət çəkirki, sən rəssam olasan?” və s), valideynlər hər cür öz narazılığını bildirmək istəyəcəklər. Bu cür ssenarilər çoxumuzun başına gəlib, amma nədənsə biz eyni şeyləri öz uşaqlarımız üzərində təkrarlayırıq. Biz uşaqları olduqları kimi, şərtsiz sevməyi öyrənməliyik. Onda onlar şəxsiyyət kimi böyüyə biləcək, öz potensiallarını üzə çıxarıb, fərdi düşüncəyə malik olub, həyatda öz yerlərini tapmağa cəhd edəcəklər.

Bu mərhələ uşaqların həyatında çox vacibdir. Fitrətdən uşaqlar yaxşı olmağa, müsbət rəy qazanmağa meyllidirlər, amma valideynlərin yanlış münasibəti bu istiqaməti dəyişdirə bilər. Valideyn uşağın səylərini görməsə uşaq mənfi hərəkətlərlə bu diqqəti cəlb etməyə yönələcək və ya əgər valideyn uşağa kifayət qədər qayğı göstərmirsə, uşaq hər vasitə ilə bunu qazanmaq istəyəcək və uşağın həyatı bu məqsədə yönələcəkdir. Valideynlər uşaqların inkişafı üçün rahat sevgi dolu mühit yaratmalıdırlar. Bu o demək deyil ki, valideyn səhərdən axşama kimi uşaqlarla oynamalıdır, xeyr. Uşaqlar ac olduğu zaman ana onları yedizdirir. Bəs bağlılıq aclığını, kim doyurmalıdır? Uşaqlar qayğını doyunca aldığı zaman, onlar kəşf etməyə, oynamağa, maraqlarını doyurmağa həvəsli olur. Bu həyati əhəmiyyətli tələbat ödənilmədiyi halda uşaqlar narahat, həyacanlı olur.  Şəxsiyyət kimi formalaşmaq, öz daxili potensiallarını üzə çıxarmaq  əvəzinə uşaqlar sevilmək üçün çalışırlar. Beləliklə, rahat böyümək və oynamaq əvəzinə, onlar diqqət qazanmaq üçün cəhd atırlar. Bu səylər sonra artıq cəmiyyətdə də öz əksini tapır.

Bu mərhələdə uşaqlar çox həssas olur və əgər onlar sevdikləri, bağlandıqları insanlar tərəfindən rədd olunub, onların özünə qarşı müsbət münasibətini qazana bilmirlərsə, onların qəlbi qırılır və onlar daha həyəcanlı olurlar.  Bu uşaqda özünə inamsızlıq və “mən yaxşı deyiləm” fikri oyadır. Uşağın özünə hörmət hissinin düzgün formalaşması və möhkəm əsasın olması üçün, əhəmiyyətli olmaq hissi uşağın davranışlarından ayrılmalıdır. Yəni uşağın davranışlarına görə özü bir şəxsiyyət kimi zərbə almalı deyil. Çünki uşağın davranışı 6-7 yaşına kimi heç onun öz əlində deyil, uşaqlar daha çox öz hisslərinin və emosiyalarının təsiri altında olur, iradə zəifliyi onlara öz davranışlarını idarə etməyə imkan vermir. Nəticədə biz hələ yetişməmiş, amma böyümək üzərə olan uşaq hərəkətləri ilə qarşılaşırıq. Bir valideyn kimi bizim vəzifələrimizdən biri bu dönəmdə uşaqların hisslərini öldürməmək, onları anlayışla qarşılayaraq, özlərini biruzə verməyə imkan yaratmaqdır. Hisslərini düzgün təzahür etməyə yönəltmək. “ Ağlama, kişisən” əvəzinə, “Sən yıxıldın, əzilmisən. İncidir, eləmi? Gəl mən sənə kömək edim” sözləri daha gözəl təsir edər uşaq psixikasına.

Münasibətlər dərinləşdikcə növbəti mərhələdə (hardasa 4 yaşından) uşaq artıq öz sevgisini etiraf etməyə hazır olur. Bəli, hər addımla köklər daha dərinləşir və uşaqlar sevdiklərinə, bağlandıqları insanlara (ana, ata, nənə, baba və s.) öz əlləri ilə düzəltdikləri və ya sevdikləri əşyalarla paylaşmağı hazır olurlar. Qızımın bu vaxta kimi hazırladığı sevgi etirafları ilə dolu bütün əl işlərini saxlayıram. Böyüməyinə baxmayaraq bu vaxta kimi nəsə hazırlayır. Artıq yeniyetmə yaşına çatmağına baxmayaraq məndə ona arada sevgi etirafı və onun mənim üçün çox əhəmiyyətli olduğunu bildirən açıqçalar hədiyyə edirəm. Bu bağların qorunması çox vacibdir.  Uşaq eyni zamanda böyüyür və artıq cəmiyyətdə yetişməyə hazır olur.  Şah köklərin dərinliyindən və möhkəmliyindən insanın bu cəmiyyətdə necə yer qazanacağı çox asılıdır. Cəmiyyət ana qucağı kimi isti olmur və böyüyən uşağı burada müxtəlif imtahanlar gözləyir. Əgər valideynlər uşağı düzgün yetişdiriblərsə, çətinliklərlə qarşılaşdığı zaman öz qayğıkeş valideylərinə müraciət etməyə qorxmayacaq, utanmayacaqdır. Valideynlər uşağın qəlbini səlim saxlayıblarsa, uşaq qorxunun, həyəcanın, kədərin, ağlamağın normal olduğunu biləcək, və bu hisslərdən utanmadan daimi ana və ya ata qucağında öz hisslərini etiraf edə biləcəkdir.

Bu mərhələdən uşaq dərkedilmə mərhələsinə çatır.  Uşaq böyüyür və biz artıq onun daha sərbəst olduğunu müşahidə edirik. Sərbəstliklə bərabər onun öz düşüncələri, öz fikirləri formalaşır. Uşaqlar valideynlərdən öz fikirlərini gizlədə bilir, bu yaşda adətən uşaqlar yalan danışmağa başlayırlar.

Əgər münasibətlər düzgün qurulubsa, uşaq valideyndən heçnə gizlədə bilmir, hətta istəsə belə.  Bu mərhələdə münasibətlərin əsası  şəffaflıq və səmimilik olur. Uşaq valideyninə bütün olanları danışmasa, deməsə, ürəyini boşaltmasa, o çox narahat olur. Ona cavab olaraq, valideyn uşağı dəstəkləsə, vəziyyətdən asılı olaraq düzgün rəftar etsə, sakitləşdirsə, güvən yaratsa, onda o uşağın gözündə daha da böyüyərək, inam obyektinə çevriləcəkdir. Doğrusu, bu cür münasibət lap körpəlikdən  mərhələ mərhələ qurulmalıdır. Bu yaşda sirrlərin olması təbii ki valideyn uşaq arasında sərhəd yaradır. Valideynin uşağın inanımı doğrultması üçün uşaq özünü onlarla daha rahat hiss etməli, qorxmadan, çəkinmədən öz hisslərini biruzə verməlidir. Əgər 4-5 yaşlı uşaq anaya əsəbləşib “sən axmaqsan” deyirsə, ana uşağın hisslərini başa düşüb onu danlamamalıdır və ya bir saat uşağa bu sözün böyüklərə demək düzgün olmadığını izah etməməlidir ( bəs niyə ana özü bu sözü deyə bilər?), bu situasiyada  ana uşağın qıcıqlanmasının səbəbini anlamalı və uşağı rahatlamalıdır. Unutmamalıyıq ki, uşaqlar təfəkkürlə yox, hisslərlə hərəkət edir. Bu da onların sözlərinin və davranışlarının daha şəffaf olduğunu göstərir. Onlar qəsdən heç nə etmirlər. Buna görə biz bu səmimi münasibəti vaxtında və düzgün qiymətləndirməliyik. Sonra onlar böyüyür, şəffaflıq itir, onlar daha sərbəst, bizə o qədər də möhtac olmurlar, nə isə danışıb, nə isə gizlədirlər. Uşaqlıq sona çatanda biz artıq bunu hiss edirik. Amma bu mərhələləri bilərək və ya hiss edərək davranan valideyn öz övladını yalnız qazanacaqdır.

Sevən valideyn balasını dəstəkləyəcək alçaltmayacaq, həqiqəti göstərəcək aldatmayacaq, sərbəst buraxacaq lakin tərk etməyəcəkdir. Uşaqlar sevilməyə layiqdir. Onların kiçicik qəlblərini fəth etməyə çalışın, onda bu qəlblər mütləq sizə yönələcəkdir.

Müəllif: Gülarə Rüstəmova

Psixoloq, Əmizdirmə məsləhətçisi.

 

 

 

 

 

 

Facebook Comments

Şərh əlavə et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir