Bitlər dostdur yoxsa düşmən?

Bitlər dostdur yoxsa düşmən?

- Bölmə: Ata - Ana, Faydalı məlumat
1902
0
@vib.az

Valideynlərin onsuz da rahat olmayan yuxularına bir az da narahatlıq qatan, işdən-iş çıxardan problemlərdən biri də bitlərdir. Bit saçın dərisinin qanı hesabına yaşayan parazit bir canlıdır. Məlumdur ki, insanların böyük əksəriyyəti yaşadığı ölkədən, mühitdən asılı olmayaraq, ömründə bircə dəfə də olsa bitlərlə üzləşir. Bitlərə yoluxma ən çox uşaqlar arasında rast gəlinsə də, böyüklər bu problemdən sığortalanmış deyillər.

Bitlər haqqında aparılan elmi araşdırmalardan çox maraqlı nəticələr ortaya çıxmışdır. BMC Biology elmi-kütləvi jurnalında nəşr olunan araşdırmaya görə bitlər insanda müəyyən sağlamlıq problemləri yaradan hiperaktiv immuniteti normallaşdırmağa və bununla immun sistemində pozuntuların yaranma riskini azaltmağa səbəb ola bilər. Nottingham Universitetinin parazitologiya üzrə professoru Jan Bradley məqaləsində bildirir ki, müasir zamanda qeyri-təbii mühitdə (insan tərəfindən dəyişdirilmiş təbii mühit, şəhərlər, bina evlər və s. nəzərdə tutulur) yaşayan insanların ifrat dərəcədə fəal immun reaksiyaların mövcudluğu çox ehtimal ki, onların ömürləri boyu əcdadlarına nisbətdə daha az parazitlərlə təmasda olmalarından irəli gəlir. Baxamayaraq ki, parazitlər insan orqanizmi üçün kifayət qədər təhlükəlidir və onlarla mübarizə mütəxəssis nəzarətində aparılmalıdır, bitlərlə vəziyyət bir qədər fərqlidir. Qısaca olaraq, bitlərin insanda immun sistemi üçün faydalı olması ilə yanaşı həmçinin dağınıq skleroz, bağırsaq iltihabı kimi xəstəliklərin müalicəsində effektivliyi elmi araşdırmalarda sübuta yetirilmişdir.

Bütün yuxarıda yazılanlara rəğmən bitlərə qarşı profilaktik və müalicəvi tədbirlərin görülməsi mütləqdir. Baxmarayaq ki, bitə yoluxan insan ilk ay hətta 6 həftə heç nə hiss etməyə bilər lakin, bitlər artıb böyüdükcə saçın dibində xoşagəlməz hisslərə, qaşınma və qıcıqlanmaya səbəb ola bilər. Profilaktik olaraq bitlərə yoluxmamaq üçün uşaqlara şəxsi gigiyena məsələlərində daha diqqətli olmağı öyrətmək gərəkdir. Bunun üçün ona aşağıdakıları tapşırmaq tövsiyyə olunur:

  • Daraq, saç üçün bəzək aksessuarları, papaq və qoruyucu dəbilqə, şərf, hamam dəsmalı və yastıq kimi şəxsi əşyaların başqaları ilə bölüşməmək.
  • Oyun və ya ünsiyyət vaxtı saç-saça təmasa yol verməmək.
  • Saçları toplamaq və ya hörmək.

Ailə üzvlərindən hər hansındasa bit aşkar olunarsa mütləq qalan ailə üzvləri də yoxlanılmalı, geyimlər, gigiyena vasitələri, hamam dəsmalları, yataq dəstləri hətta xalça təmizlənməlidir. Bəzi mənbələr bitlərin olduğu əşyanı bir neçə sutkalıq hava keçirməyən vasitələrə bükməyi məsləhət görürlər.

Bitlərə qarşı istifadə olunan tibbi preparatların əksəriyyəti təhlükəli kimyəvi maddələr olan pestisidlərin olması nəfəs yollarına getdikdə sağlamlıq problemləri törədə bilər. Bu səbəbdən kimyəvi preparatların istifadəsi zamanı ehtiyatlı olmaq gərəkdir. Qeyd edək ki, pestisidlər – (pest – zəhər, sideo-öl­dü­rərəm) baytarlıqda, məişətdə və kənd təsərrüfatına ziyanverici canlıları məhv etmək üçün istifadə edilir və nəinki tətbiq edilən or­qa­nizmə, hətta digər canlılara, o cüm­lədən istiqanlı heyvanlara və insanlara da mənfi təsir edir.

Valideynlər arasında ən geniş yayılan metodlardan biri də neft (nöyüt) ilə bitlərin təmizlənməsi üsulu olsa da, bu üsul sağlamlıq üçün təhlükəlidir. Neft məhsulları aromatik karbohidrogenlərə aid olduğundan uşaqlara və yeniyetmələrə narkolepsik təsir göstərərək beyin və sinir sisteminə zərər yetirə bilər.

Uşaqlara kimyəvi preparatlar tətbiq etmək istəməyən valideynlər üçün ev şəraitində tətbiq oluna biləcək bir sıra sınanmış metodlar vasitəsi ilə bitlərdən can qurtarmağın yolları mövcuddur:

Sarımsaq kəskin iyə malik olduğuna görə bitlər boğulub məhv olurlar. 8-10 diş sarımsağı püre halına qədər əzib 2-3 çay qaşığı limon şirəsi ilə qarışdırıb saçın dibinə sürtmək, duş papağı geyinib 1 saat yarım saxlamaq və isti su ilə yumaq gərəkdir. Bu üsulu bitlərin tam təmizlənməsinə qədər yəni  1-2 ay müddətində hər həftə təkrar etmək lazımdır.

Ağ sirkə tərkibində olan turşunun hesabına bitləri məhv edən ucuz və təhlükəsiz olan bir üsuldur. Sirkəni eyni miqdarda su ilə qarışdırmaq, saçlara və saçdibinə sürtdükdən sonra hamam dəsmalı ilə saçları bürümək və 1-2 saat saxlamaq lazımdır. Bu müddətdən sonra bitləri təmizləmək üçün nəzərdə tutulan xüsusi darağı sirkədə yaş edib saçları kiçik-kiçik hissələrlə daramaqla ölmüş və keyləşmiş bitlər və onların yumurtaları çıxarılır. Saçları şampun ilə yumamışdan öncə və sonra bir daha eyni sirkəli məhlul ilə yaxalamaq məsləhətdir.

Mayonez tərkibində yağın olmasına görə bitləri boğaraq öldürmək qabiliyyətinə malikdir. Zeytun yağı əsaslı mayonezə üstünlüyün verilməsi tövsiyyə olunur. Belə ki, zeytun yağının özü-özlüyündə bitləri məhv edən tərkibi var. Yağlılıq faizi çox olan mayonezi saçlara bol-bol çəkmək, duş papağı taxıb bütün gecə ərzində (8 saat) saxlamaq mütləqdir. Lazım olan vaxtın tamamında saçları şampun ilə yuyulmalı və ölü bitlər bit darağı ilə daranıb çıxarılmalıdırlar.  Bu üsulu bir həftə ərzində hər gün təkrar etmək gərəkdir.

Duz saçlardan bitləri təmizləməyə qadirdir. Bunun üçün 1 stəkan duzu 1/4 stəkan miqdarında sirkə ilə yaxşıca qarışdırıb alınan məhlulu saçlara çiləmək lazımdır. Saçlar bir qədər nəm olandan sonra duş papağı geyinib 2 saat saçlarda saxlamaq gərəkdir. Vaxtın tamamında saçlar yuyulmalı və saç kondisioneri istifadə edilməlidir. Müvəffəqiyyətli nəticə üçün bu üsulu hər 3 gündə bir dəfə təkrar etmək lazımdır.

Bütün bunlardan əlavə olaraq qeyd edək ki, bəzi efir yağları da bitlərin məhv edilməsində gərəkli ola bilər. Bu yağlara güclü ətirə malik olan lavanda, evkalipt, nanə, ətotu efir yağlarını aid etmək olar. Adətən bu yağları az damcılarla bol miqdarda zeytun, küncüt və ya kokos yağına əlavə etməklə istifadəsindən yararlanmaq mümkündür.

Hər bir təmizlənmə prosesindən sonra istifadə olunan bütün ləvazimatlar yaxşıca təmizlənməli və havasız şəraitdə-plastik torbalarda saxlanılmalıdır ki, yenidən bitlərə yoluxma riski olmasın.

Bitlərə qarşı sınanmış üsul bilirsinizsə, məqaləyə şərhlərdə saytımızla paylaşmağı unutmayın.

 

 

Bitlərə qarşı reseptlər: www.top10homeremedies.com

Hazırladı: vib.az

 

 

 

 

Facebook Comments

Şərh əlavə et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir